İQTİSADİYYAT
SOYQIRIMI QURBANLARININ XATİRƏSİ TBİLİSİDƏ EHTİRAMLA ANILDI
Azərbaycanın Gürcüstandakı müvəqqəti işlər vəkili Surxay Əliyev Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımı ilə əlaqədar müraciətinin mətnini diqqətə çatdırmışdır. Sonra o, ötən əsrin əvvəlindən xarici himayədarların dəstəyi ilə ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər barədə ətraflı məlumat vermişdir. Natiq bu dəhşətlərə dünya ictimaiyyətinin hələ də laqeyd münasibətini və 70 il ərzində sovet tarixşünaslığının azərbaycanlılara qarşı soyqırımı pərdələyib xalqın tarixi yaddaşından silməyə cəhd göstərdiyini vurğulamışdır.
Diplomat demişdir: “Lakin ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və siyasi iradəsi burada da özünü göstərmiş və ulu öndərin 1998-ci 26 mart tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü kimi tarixləşmişdir”.
Gürcüstan Azərbaycanlıları İttifaqının rəhbəri, “Gürcüstan” qəzetinin redaktoru Süleyman Süleymanov, dünya azərbaycanlılarının II qurultayının nümayəndəsi, Gürcüstan energetika nazirinin müavini İsaq Novruzov, Tbilisidəki Cümə məscidinin axundu Məşədi Əli və başqaları çıxışlarında tarixin ibrət dərslərindən nəticə çıxarmağın, dünya ictimaiyyətinin diqqətini soydaşlarımızın başına gətirilən faciələrə cəlb etmək üçün bütün vasitələrdən istifadə etməyin vacibliyini vurğulamışlar.
Mərasim iştirakçıları azərbaycanlıların soyqırımı əks olunan fotosərgiyə böyük həyəcanla baxmış, bu faciələri törədənləri lənətləmişlər.