SİYASƏT
SOYQIRIMLARIN QURBANLARININ XATİRƏSİ GÜRCÜSTANDA DA ÜRƏK AĞRISI İLƏ ANILDI
Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin istər əzəli Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində, istərsə də Azərbaycanda xalqımıza qarşı vəhşicəsinə törətdikləri qətliamlar bu günədək ürəyimizi ağrıdır, bu qırğınlarda amansızcasına qətlə yetirilmiş yüz minlərlə insanın xatirəsi qəlbimizdə yaşayır, onların müqəddəs ruhunun daim anılması üçün abidələr ucaldılır... Bu sözlər 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində ölkə parlamenti deputatlarının, ziyalıların və soydaşlarımızın təmsilçilərinin iştirakı ilə keçirilmiş anma tədbirində dəfələrlə səsləndi.
Tədbir başlanmazdan əvvəl o dəhşətli illərdə soyqırımın qurbanları olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Ölkəmizin Gürcüstandakı səfiri Hacan Hacıyev tədbiri açaraq, dövlətimizin başçısı Heydər Əliyevin 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Azərbaycan xalqına müraciətini oxudu, ermənilərin xalqımıza qarşı uzun illərdən bəri törətdikləri qanlı faciələrdən ətraflı danışdı.
Gürcüstan Prezidenti İcra Aparatının ərazi idarəetmə və regional siyasət məsələləri şöbəsi müdirinin müavini İmir Məmmədli, ölkə parlamentinin deputatı Ramiz Bəkirov, professor Valeh Hacıyev və başqaları çıxışlarında xüsusi vurğuladılar ki, erməni faşistlərin xalqımızın başına gətirdikləri müsibətlər barədə həqiqət dünya ictimaiyyətinə məhz Prezident Heydər Əliyevin qətiyyəti sayəsində çatdırılmışdır.
Sonda ermənilərin xalqımıza qarşı vəhşiliklərindən bəhs edən sənədli film göstərildi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi