SOYQIRIMLA BAĞLI SƏRGİ-KONFRANS KEÇİRİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, martın 31-də Azərbaycan Dövlət İncəsənət Muzeyində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı ilə bağlı sərgi-konfrans keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi ilə muzeyin birgə keçirdiyi sərgidə 14 rəssamın boyakarlıq və qrafika janrlarında 20-yə qədər işi nümayiş etdirilir. Sənətkarlarımızın ürək ağrısı ilə yaratdıqları bu əsərlərə həyəcansız baxmaq mümkün deyil. Tablolarda əks olunmuş erməni vəhşilikləri hər bir azərbaycanlının qan yaddaşına yazılmaqla bərabər, xalqımızın müstəqillik yolunda şərəfli mübarizəsindən söz açır. Tədbirdə bu əsərlərin sərgidə ilk dəfə nümayiş etdirildiyi vurğulanmışdır.
Muzeyin direktoru, sənətşünaslıq doktoru İsrafil İsrafilov, tarix elmləri namizədi, Milli Məclisin deputatı Həvva Məmmədova, fəlsəfə elmləri doktoru Vəli Həbiboğlu, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov və başqaları ermənilərin Azərbaycan xalqının başına gətirdikləri dəhşətli soyqırımlarının birindən - 1918-ci ilin mart hadisələrindən daha ətraflı danışmışlar. Vurğulanmışdır ki, azərbaycanlıların milli mənsubiyyətinə görə kütləvi şəkildə qırğını, represiyalara məruz qalması, doğma yurd-yuvalarından didərgin salınması bədnam qonşularımızın “böyük Ermənistan” ssenarisinin tərkib hissəsi idi. Bu və buna bənzər hadisələrin törədilməsi erməni məkrinin, xain xislətinin təzahürü kimi diqqətə çatdırılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var