SİYASƏT
SOYQIRIM QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı mərasim keçirilmişdir.
Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov mərasimi açaraq, görkəmli dövlət xadimi, Prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyətindən danışdı.
Ermənilərin 1918-ci ilin martında Azərbaycanın müxtəlif yerlərində xüsusi qəddarlıqla törətdikləri qanlı qırğınlardan söhbət açan natiq mənfur düşmənin “Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkmədiyini, xalqımıza qarşı bu gün də soyqırım siyasəti apardığını söylədi və bütün bunlarla bağlı dünya ictimaiyyətinə geniş məlumat çatdırılmasının zəruriliyini vurğuladı.
Fəlsəfə elmləri doktoru Vəli Həbiboğlu, dosent Musa Quliyev və başqaları çıxış edərək, soydaşlarımıza qarşı zaman-zaman törədilmiş soyqırıma beynəlxalq təşkilatların gec-tez siyasi-hüquqi qiymət verəcəklərinə əminliklərini bildirdilər. Prezident Heydər Əliyevin məqsədyönlü siyasəti sayəsində torpaqlarımızın azad ediləcəyini vurğuladılar.