ELM VƏ TƏHSİL


Ş.Şahbazova: Lütfi Zadə sadə insan, böyük alimdir

Bakl, 14 fevral, K.Əliyeva, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin dosenti, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz Şahbazova bu günlərdə ABŞ-ın Berkli Universitetində elmi ezamiyyətdə olub. O, burada dünya şöhrətli azərbaycanlı alim professor Lütfi Zadənin rəhbərlik etdiyi laboratoriyada çalışıb.

Ş.Şahbazova AZƏRTAC-a müsahibəsində bildirib ki, səfərin məqsədi onun professor Lütfi Zadə ilə həmrəhbəri olduğu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantını qazanmış “Sosial şəbəkə modelində qeyri-səlis çoxluqlar bazasında çoxmənbəli informasiyaların intellektual birləşməsi problemi” mövzusunda layihənin üçüncü mərhələsinin elmi nəticələrini müzakirə etmək, dördüncü mərhələni təkmilləşdirmək idi. Alimin sözlərinə görə, bu məsələlər tamamilə həllini tapıb, belə ki, layihənin ikinci mərhələsinin nəticəsi olan məqalə üzərində iş başa çatdırılıb, eyni zamanda, Lütfi Zadənin “Qeyri-səlis məntiq – mənim şəxsi perspektivim ” sərlövhəli 22 səhifəlik məqaləsi tamamlanıb.

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəni 1999-cu ildən tanıdığını qeyd edən Ş.Şahbazova 2007-2008-ci illərdə Fulbright proqramını qazanaraq bir il müddətində görkəmli alimin laboratoriyasında elmi tədqiqat işi apardığını bildirib.

Ş.Şahbazova vurğulayıb ki, professor Lütfi Zadə dünya elmində səkkiz nəzəriyyənin banisi kimi tanınır. Hazırda bütün dünya böyük iqtisadi səmərə gətirən bu nəzəriyyələrdən bəhrələnir. Sevindirici haldır ki, Azərbaycanda da Lütfi Zadənin elmi irsinə müraciət edən alimlərin sayı gündən-günə artır. Bu istiqamətdə dissertasiya işləri müdafiə edilir, monoqrafiyalar, məqalələr yazılır, konfranslarda bu mövzuda dinlənilən məruzələr nüfuzlu jurnallarda dərc olunur. Soft Computing üzrə keçirilən beynəlxalq konfranslar dünya şöhrətli alimin elmi irsinə verilən dəyərin parlaq nümunəsidir. 1998-ci ildə Azərbaycanda Lütfi Zadə adina Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb. Akademiya 2014-cü ildən Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyası adı altında fəaliyyətini davam etdirir. Bu qurumun prezidenti akademik Asif Hacıyevdir.

Lütfi Zadənin rəhbəri oldügü BİSC (Berkeley İnitiative on Soft Computing - Soft Computing üzrə təşəbbüs qrupu) laboratoriyasının 1000-dən çox əməkdaşı var. Azərbaycanda da bu sahədə elmi tədqiqat işləri aparan alimlər az deyil. Professor Lütfi Zadə bu elmi istiqamət üzrə ciddi məşğul olan bütün dünya alimlərini, o cümlədən Şahnaz Şahbazovanı da öz elmi istiqamətinin davamçısı kimi görür.

Lütfi Zadənin şəxsi keyfiyyətlərindən danışarkən ilk öncə onun dahi alim və şəxsiyyət olduğunu qeyd etmək lazımdır. O, təbiətcə çox təmkinli, həddən ziyadə təvazökar və yaxşılıq etməkdən zövq alan səmimi insandır.

Lütfi Zadə Vətənini, xalqını çox sevir. O, “Mən heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam”, – deməklə millətinə nə qədər bağlı olduğunu nümayiş etdirir. Böyük alim və sadə insan olan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə işləmək sonsuz qürur və şərəfdir.

Qeyd edək ki, Ş.Şahbazovanın təşəbbüsü ilə 2011-ci il sentyabrın 19-da ABŞ-ın Kaliforniya ştatının Berkli Universiteti ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Texniki Universiteti arasında 5 illik əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən müəllim-tələbə mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, konfransların keçirilməsi, məqalələrin, kitabların nəşr olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.