REGİONLAR
STEAM Tədris Mərkəzində növbəti təlim təşkil edilib
Naxçıvan, 2 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi STEAM təlim metodunun tətbiqi ilə əlaqədar görülən silsilə tədbirlər çərçivəsində müəllim-mütəxəssislərin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təcrübəyə malik peşəkar heyət tərəfindən də təlimlərin keçirilməsini diqqətdə saxlayır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu məqsədlə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına tam orta məktəbdə yaradılmış STEAM Tədris Mərkəzində beynəlxalq təlimlərdə iştirak etmiş “Hədəf” Şirkətlər Qrupunun direktoru, dosent Şəmil Sadıq və icraçı direktoru İbrahim Qasımov tərəfindən müəllimlərə “STEAM və müasir təlim yanaşmaları” mövzusunda təlim keçilib.
Təlimdə STEAM metodikası, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları, microbit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər məsələlərlə bağlı praktik biliklər diqqətə çatdırılıb. Müəllimlərə STEAM dərslərində şagirdləri yeniliklərə istiqamətləndirmələri, həmçinin şagirdlər tərəfindən layihə məhsullarının hazırlanması zamanı effektiv üsullar və innovativ yanaşmalarla bağlı metodlardan nümunələr göstərilib, suallar cavablandırılıb. Təlimçilər tərəfindən STEAM Tədris Mərkəzinə ibtidai siniflər üçün kodlaşdırma sistemi avadanlığı və maşın robot hədiyyə olunub.
STEAM dərslərini tədris edəcək müəllimləri yetişdirmək, onları bu istiqamətdə peşəkar inkişafa sövq etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən gələcəkdə də belə təlimlərin davam etdirilməsi planlaşdırılıb.