REGİONLAR


STEAM təlimlərini başa vuran müəllimlər və Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Naxçıvan, 15 yanvar, AZƏRTAC

Naxçıvan Dövlət Texniki Kollecində STEAM təlimlərini uğurla başa vuran müəllimlərə sertifikatların, 2019-2020-ci tədris ilində keçirilən Respublika fənn olimpiadasının qaliblərinə isə medal və diplomların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından ətraflı bəhs edib. Bildirib ki, müstəqillik illərində Naxçıvanda bütün sahələr kimi, təhsil də dinamik inkişaf edib, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilib.

Diqqətə çatdırılıb ki, 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikada STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Hazırda Şərur rayonunun Qarabürc və Şəhriyar kənd tam orta məktəblərində, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin nəzdində STEAM kabinələri yaradılıb. Həmin kabinələr elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunub. Görülən işlərin davamı olaraq STEAM metodları ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunub, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb. STEAM dərslərini tədris etmək bacarığı formalaşdırmaq məqsədilə 30 müəllim 1 aylıq STEAM təlimlərinə cəlb olunub. Təlimlər zamanı STEAM metodologiyaları, robotexnika, 3D CAD modelləşdirmə və çap, proqramlaşdırma, micro:bit və arduino texnologiyaları, mühəndislik modulları müəllimlərə öyrədilib.

Nazir qeyd edib ki, bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən start veriləcək onlayn STEAM təlimlərinə muxtar respublika ümumtəhsil məktəblərinin 150 müəllimi də cəlb olunacaq. Bu da muxtar respublikada STEAM dərslərinin yüksək səviyyədə tədrisinə geniş imkanlar açacaq.

Rəhman Məmmədov muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlərin həyata keçirilməsindən danışıb. Bildirilib ki, göstərilən dövlət qayğısından və yaradılan şəraitdən səmərəli bəhrələnməyin nəticəsində 2019-2020-ci tədris ilində də fənn olimpiadaları maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qalıb. Belə ki, muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc olmaqla, 24 medal qazanıb. Həmin şagirdlərdən 15-i XI sinif, 4-ü X sinif, 5-i isə IX sinif şagirdləri olub. Qalib olanlardan 13-ü Naxçıvan şəhərinin, 11-i isə rayon və kənd məktəblərinin şagirdləridir.

“Olimpiada qalibləri sırasında XI sinif şagirdləri qəbul imtahanlarında 500-700 arası bal toplayaraq Azərbaycanın ən nüfuzlu ali məktəblərinə qəbul olublar. Həmin 15 məzundan 4-ü Naxçıvan Dövlət Universitetinin, 3-ü Dövlət Neft və Sənaye Universitetinin, 3-ü Bakı Dövlət Universitetinin, 2-si Azərbaycan Tibb Universitetinin, 1-i Bakı Ali Neft Məktəbinin, 2-si isə Ali Hərbi Məktəbin tələbələridir”, - deyən təhsil naziri Rəhman Məmmədov STEAM təlimlərini uğurla başa vuraraq sertifikat alan müəllimləri və Respublika fənn olimpiadalarının qaliblərini təbrik edib, muxtar respublikada təhsilin inkişafına göstərdiyi qayğıya görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Ceyran Məmmədova və Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin müəllimi Nazim Rəhimov bir ay müddətində keçirilən STEAM təlimlərinin əhəmiyyətindən, Şahbuz rayon Kükü kənd tam orta məktəbinin məzunu, Naxçıvan Dövlət Universitetinin xarici dil müəllimliyi ixtisasının I kurs tələbəsi Fidan Məmmədli və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin X sinif şagirdi Nicat Əlizadə isə fənn olimpiadalarının şagirdlərin istedadlarının inkişaf etdirilməsinə təsirindən danışıb, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonda təlimləri başa vuran müəllimlərə sertifikatlar, olimpiada qaliblərinə isə medal və diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.