REGİONLAR


STEAM təlimlərini uğurla başa vuran müəllimlərə sertifikatlar verilib

Naxçıvan, 22 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən may-iyun aylarında müəllimlər üçün təşkil edilən STEAM təhsili üzrə növbəti təlimlər başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı keçirilən yekun tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək, STEAM təhsil metodunun tətbiqi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən pilot olaraq muxtar respublikanın 15 təhsil müəssisəsində STEAM təhsil metodunun tətbiqinə başlanılıb.

Qeyd olunub ki, STEAM təhsil metodunun tətbiq edildiyi məktəblərdə artıq şagirdlərə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro-texnologiyalar, mühəndislik və dizaynerlik bacarıqları öyrədilir. Qısa müddətdə tətbiqinə baxmayaraq, şagirdlər tərəfindən 100-dən çox STEAM və robotexnika layihələri hazırlanıb və Təhsil Nazirliyi tərəfindən təşkil olunan Texnosərgidə nümayiş etdirilib.

“STEAM təhsilinin muxtar respublikada tətbiqinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb”, - deyən Rəhman Məmmədov diqqətə çatdırıb ki, sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılacaq, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdiriləcək, hər il “STEAM təhsil festivalı” keçiriləcək. Bütün bunlar muxtar respublika gəncliyinin XXI əsrin çağırışları əsasında formalaşmasına böyük töhfə verəcək.

Təhsil naziri bildirib ki, Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq müəllim hazırlığı diqqətdə saxlanılır. Bu günə qədər 100-ü bu mərkəzdə, 150-si isə onlayn qaydada olmaqla, 250 müəllim təlimlərdən yararlanıb. Təlimlər zamanı STEAM metodologiyaları, robotexnika, 3D CAD modelləşdirmə və çap, proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları müəllimlərə öyrədilib, onlarda STEAM dərslərini tədris etmək bacarığı formalaşdırılıb.

Rəhman Məmmədov növbəti təlimləri uğurla başa vuraraq sertifikatla təmin olunan 40 müəllimi təbrik edib, yaradılan şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.

Mərkəzdə təşkil olunan təlimlər haqqında məlumat verən STEAM Tədris Mərkəzinin təlimçisi Fuad Babayev bildirib ki, mərkəzdə ümumtəhsil məktəblərində pedaqoji təcrübədə olan tələbələr üçün də təlimlər təşkil edilib. Bununla yanaşı, müəllimlərin hazırlığında yeni yanaşmalar tətbiq edilir, STEAM təhsili üzrə peşəkarlığın artırılması məqsədilə ilk dəfə olaraq “STEAM Tədris Mərkəzi”ndə beynəlxalq təlimlərdə iştirak etmiş “Hədəf” Şirkətlər Qrupunun əməkdaşları tərəfindən “STEAM və müasir təlim yanaşmaları” mövzusunda təlim keçirilib. Təlimlərə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə yanaşı, ali təhsil müəssisələrinin də müəllimləri cəlb olunub. Növbəti təlimləri 40 müəllim uğurla başa vurub.

Sonra STEAM təhsil metodu üzrə təşkil olunan növbəti təlimi başa vuran müəllimlərə Təhsil Nazirliyinin sertifikatları təqdim edilib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin STEAM təhsili üzrə təlimlərə cəlbi diqqətdə saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.