ELM VƏ TƏHSİL


“STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimin bağlanış mərasimi olub

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək müasir dünyada təhsilin mühüm rolundan danışıb, ölkəmizdə bu sahəyə xüsusi önəm verildiyini bildirib.

Son illərdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Firudin Qurbanov qazanılan uğurları diqqətə çatdırıb. Nazir müavini elm, təhsil və sənaye müəssisələrində innovativ inkişafın təmin edilməsi üçün konkret layihələrin icra olunduğunu xatırladıb və qeyd edib ki, təhsildə əsas məsələlərdən biri innovasiya fəaliyyətinin gücləndirilməsidir.

İsrailin Azərbaycandakı səfiri Dan Stav iki ölkə arasında əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Səfir təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev bildirib ki, nazirliyin təşəbbüsü ilə 50 təhsil mütəxəssisi İsraildə və Bakıda 5 həftəlik təlimlərdə iştirak edib. Təlimlər çərçivəsində STEM təhsil proqramının Azərbaycan kurikulumlarına uyğunlaşdırılması və bu məzmunun yerli mütəxəssislərə çatdırılması, məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən metodik dəstəyin göstərilməsi üzrə kurslar keçirilib. Cari ilin yanvar ayında STEM təhsil proqramı çərçivəsində 10 məktəb direktoru İsrailə bir həftəlik ezam edilib.

İsrailin “ORT” məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild STEM təhsil metodu barədə məlumat verərək deyib ki, bu metod təhsilalanlara dörd spesifik sahənin - elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering) və riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarət dörd fərqli fənni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.