CƏMİYYƏT
STEPS-2017 sorğusu regionlarda da aparılmağa başlanılıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında avqustun 24-dən başlanan qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair Bakı, Sumqayıt və Xızı rayonunda keçirilən tədqiqatın sahə işlərinə yekun vurulub. Hazırda ölkənin digər regionlarında da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər sorğunun sahə işlərini həyata keçirirlər.
İSİM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sorğuda iştirak üçün Dövlət Statistika Komitəsi ölkəmizin 9 iqtisadi zonası üzrə 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı nəzərdə tutulub.
Bakı, Sumqayıt və Xızı ərazisində yekunlaşmış sorğuda hər qrupda 1 həkim və 1 tibb bacısı olmaqla 10 qrupdan ibarət intervüyerlər komandası əhaliyə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edib, onlar arasında qeyri-infeksion xəstəliklərin risk amillərini müəyyən edib. Sorğu zamanı iştirakçıların fiziki göstəriciləri təyin olunub. Daha sonra respondentlərdən analiz üçün biokimyəvi, qan və sidik nümunələri götürülüb. Aparılan analizlər ÜST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparılıb. Gündəlik olaraq sorğu-sual mərhələsində əldə olunan 60 intervüdən ibarət məlumatlar planşetlər vasitəsilə dərhal elektron bazaya yüklənilib və onlayn rejimində sorğu müşahidəçilərinin nəzarətində saxlanılıb.
Əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması məqsədi ilə keçirilən sorğu “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”na uyğun olaraq müntəzəm şəkildə aparılacaq.