SİYASƏT
STOLÜSTÜ TENNİSİN İNKİŞAFI ÜÇÜN 24 MİN AVRO MƏBLƏĞİNDƏ İDMAN AVADANLIĞI ALINMIŞDIR
Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti İsmət Abasovun AZƏRTAC-a verdiyi məlumata görə, Almaniyanın məşhur TİBHAR şirkəti ilə əldə olunmuş razılığa əsasən ölkəmizdə bu idman növünün bazasının möhkəmləndirilməsi məqsədi ilə 24 min avro dəyərində avadanlıq alınmışdır. Həmin avadanlıq rayonların idman bölmələri və məktəblərinə paylanacaqdır. Hazırda TİBHAR şirkəti ilə qarşılıqlı əməkdaşlıq haqqında danışıqlar aparan federasiya rəhbərliyi müqavilənin bağlanacağı təqdirdə, ölkəmizin yığma komandasının hər il idman forması ilə təmin olunmasına və perspektivli iki gənc tennisçiyə himayədarlıq edilməsinə də nail olacaqdır.
Federasiyanın rəhbərliyi dünyada yüksək keyfiyyətli malları ilə tanınan şirkətin məhsullarının sərfəli qiymətlərlə satışı üzrə ixtisaslaşdırılmış mağazaların Bakıda açılması imkanlarını araşdırır.