İQTİSADİYYAT


“STP” Şirkətlər Qrupu və Ələt Azad İqtisadi Zonası arasında anlaşma memorandumu imzalanıb

Bakı, 21 oktyabr, AZƏRTAC

“STP” Şirkətlər Qrupu və Ələt Azad İqtisadi Zonası arasında Strateji Əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimi “STP” Şirkətlər Qrupunun “Rebuild Karabakh” sərgisində baş tutub.

AZƏRTAC xəbər verir ki, memorandumun məqsədi iki qurum arasında iqtisadi əlaqələri inkişaf etdirmək, həmçinin qarşılıqlı bilik, informasiya və təcrübə mübadiləsi üçün əməkdaşlıq etməkdir. Bundan başqa qurumların bir-birinin fəaliyyətinin təşviq olunması və onların fəaliyyətinə sərmayələrin cəlb edilməsi üçün də birgə fəaliyyəti nəzərdə tutur. Memorandum “STP” Şirkətlər Qrupu tərəfdən baş direktor Ruslan Ağabəyli və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov tərəfindən imzalanıb.

Anlaşma memorandumuna “Sərmayə yatırımlarının həyata keçirilməsinə qarşılıqlı dəstəyin göstərilməsi”, “İşgüzar səfərlər zamanı qarşılıqlı zəruri əlaqələndirmənin təşkili”, “Bilik, informasiya və təcrübənin mübadiləsi” və sair istiqamətləri əhatə edən bəndlər daxildir.

Ələt Azad İqtisadi Zonası ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaları gücləndirmək üçün həyata keçirilən bir layihədir. Bu strateji coğrafi məkandan regional investisiya mərkəzini təmin etmək və Avropa-Qafqaz-Asiya və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətini artırmaq üçün istifadə ediləcək.

Qeyd edək ki, “STP” Şirkətlər Qrupu regionda ilk texnopark olmaqla kabel, elektrik avadanlıqları, alüminium və mis profillər, sendviç panellər, polimer borular, dəqiq mexaniki emal, qaynaq quraşdırma, ağır maşınqayırma, qaynar sinkləmə, qumlama və rəngləmə, metaləritmə və texniki qazların istehsalı kimi 30-dan çox istehsal sahəsini tərkibində birləşdirir. Müəssisənin təklif etdiyi yüksəkkeyfiyyətli məhsul və xidmətlər neft-qaz, energetika, inşaat, kənd təsərrüfatı kimi sahələrdə idxalın azalmasına istiqamətlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.