SİYASƏT
STRASBURQA TƏHSİL SƏFƏRİ FAYDALI KEÇMİŞDİR
Səfərin əsas məqsədi azərbaycanlı hakim və prokurorları Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən təmin edilən hüquqların qorunması mexanizmi və ilk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) fəaliyyəti ilə yaxından tanış etmək olmuşdur. Səfər zamanı Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri və katibliyinin əməkdaşları, eləcə də Avropa Şurasının Azərbaycanla əməkdaşlığına məsul olan rəsmiləri ilə görüşlər keçirilmiş, nümayəndə heyəti AİHM-in və Strasburq məhkəməsinin iclaslarında iştirak etmişdir.
Səfərin nəticələri ilə bağlı öz təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən nümayəndə heyətinin üzvü, Abşeron Rayon Məhkəməsinin sədri Çingiz Bəşirov proqramın nümayəndə heyəti üçün çox faydalı olduğunu bildirmişdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanmış və bu gün davam etdirilən məhkəmə islahatlarına toxunan Ç.Bəşirov AİHM və eləcə də Fransa məhkəmələrinin təcrübəsi ilə tanışlığın məhkəmə sistemimizdə son illər ərzində əldə olunmuş müsbət nəticələri dəyərləndirməyə və Azərbaycan ədliyyəsinin təkmilləşdirilməsi istiqamətində atılmalı olan addımları müəyyənləşdirməyə imkan verdiyini qeyd etmişdir. O, səfərin təşkilatçılarına, o cümlədən ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinə minnətdarlığını bildirmişdir.