SİYASƏT
STRASBURQDA NOVRUZ BAYRAMI İLK DƏFƏ QEYD EDİLƏCƏKDİR
Novruz bayramı Fransanın Strasburq şəhərində geniş qeyd ediləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bayram tədbirləri Fransada fəaliyyət göstərən Azərbaycan-Fransa Mədəni Əlaqələr Cəmiyyətinin təşəbbüsü, Komitənin yaxından kömək və yardımı ilə keçiriləcəkdir.
Azərbaycanın Fransadakı səfirliyinin, Avropa Şurasındakı daimi nümayəndəliyinin əməkdaşlarının, Fransada yaşayan azərbaycanlıların və Dövlət Komitəsinin üzvlərinin iştirak edəcəkləri bayram tədbirlərinə Avropa Şurası və Strasburq şəhər bələdiyyəsinin nümayəndələri də dəvət edilliblər. Novruz süfrələrinə yalnız Azərbaycandan göndərilən bayram şirniyyatı, şirələr və sovqat düzüləcək, milli musiqimiz səsləndiriləcəkdir. Tədbirlər həm də xeyriyyə məqsədi daşıyacaq, əldə ediləcək vəsait Azərbaycandakı uşaq evlərinin birinə göndəriləcəkdir.