SİYASƏT
STRASBURQDA YAŞAYAN SOYDAŞLARIMIZ AZƏRBAYCANIN BEYNƏLXALQ ALƏMDƏ NÜFUZUNUN ARTMASINDAN SONSUZ QÜRUR HİSSİ KEÇİRDİKLƏRİNİ BİLDİRMİŞLƏR
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov yanvarın 31-də Strasburqda yaşayan və təhsil alan soydaşlarımızla görüşmüşdür.
Görüşdə komitənin sədri Prezident Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin siyasi və iqtisadi həyatında ciddi dəyişikliklər baş verdiyini xüsusi qeyd etmiş, hüquqi dövlət qurulduğunu, demokratik islahatların keçirildiyini bildirmiş, dövlət büdcəsinin əsas hissəsinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldildiyini açıqlamış, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin daha da möhkəmləndirilməsi sahəsində görülən işlər barədə məlumat vermişdir.
Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə yüksəldiyinə toxunan N.İbrahimov respublikamızın tarixində mühüm və yaddaqalan hadisə baş verdiyini bildirərək Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin bu təşkilata sədr müavini və Büro üzvü seçildiyini xüsusi vurğulamıs, Fransada yaşayan soydaşlarımızı azərbaycançılıq naminə daha sıx birləşməyə, daha fəal olmağa çağırmışdır.
Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin rəhbəri Mustafa Alınca görüşdə çıxış edərək, İlham Əliyevin nüfuzlu beynəlxalq təşkilata sədr müavini və Büro üzvü seçilməsindən iftixar hissi keçirdiklərini, son zamanlar Azərbaycanın Avropada və digər qitələrdə imicinin yüksəldiyini qeyd etmiş, ölkəmizi tanıtmaq naminə gördükləri işlər barədə məlumat vermişdir.
Görüşün sonunda komitənin sədri soydaşlarımızı maraqlandıran suallara ətraflı cavab vermişdir.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris