İQTİSADİYYAT
ŞTUTQARTDA ALMANİYA-AZƏRBAYCAN İQTİSADİFORUMU KEÇİRİLMİŞDİR
Səfərdən yenicə qayıdan M.Cabbarov AZƏRTAC-ın müxbirinə demişdir ki, səfərdən məqsəd Azərbaycanda sərmayə mühiti, xüsusilə qeyri-neft bölməsində olan sərmayə imkanları barədə məlumat vermək, respublikamızı regionda yüksək sürətlə inkişaf edən əsas iqtisadi dövlət kimi təqdim etmək və bununla da qarşı tərəfdə maraq oyatmaq, habelə iş adamları arasında birbaşa təmas yaradılmasına yardım göstərmək idi.
Nümayəndə heyəti aprelin 22-23-də Baden-Vüttemberq vilayətinin meri Mixail Hagenyer, iqtisadi inkişaf nazirinin müşaviri Fridrix Bullinger, vilayətin dövlət katibi Schuster və digər rəsmi şəxslərlə görüşmüşdür. Almaniya və Azərbaycanın müxtəlif sənaye sahələrini əhatə edən iş adamlarının iştirakı ilə keçirilən forumda çıxış edən tərəflər qarşılıqlı informasiya mübadiləsi aparmışlar.
Forumda Azərbaycanda işləyən alman şirkətlərinin nümayəndələri - EUPEC Pipu Coating-in rəhbəri V.Ziymund, Mersedes-Benz-in Qafqaz üzrə təmsilçisi Yoaxim Trankle çıxış edərək Azərbaycan iqtisadiyyatı və ölkəmizdəki sərmayə mühiti haqqında yerli sahibkarlara məlumat vermişlər.
Azərbaycan iş adamları alman həmkarlarına bildirmişlər ki, ölkəmizdə sənaye, kənd təsərrüfatı, toxuculuq avadanlığına böyük tələbat vardır. Forumda ölkəmizin kimya sənayesinin inkişafı da vurğulanmış və qeyd edilmişdir ki, Azərbaycan keçmiş sovetlər birliyində kimya sənayesi üçün xammal istehsal edən ölkə olmuşdur. Bildirilmişdir ki, bu sahədə əməkdaşlıq üçün böyük perspektivlər vardır və dövlətimiz həmin sahəyə maraq göstərən sərmayədarlara lazımi dəstəyi verməyə hazırdır.