MƏDƏNİYYƏT
SUMQAYITA HƏSR OLUNMUŞ ÖMÜR
K.Axundov 1934-cü ildə Bakı Avtomobil Yolları Texnikumunu bitirərək, Ukraynaya yollanmış, burada mülki obyektlərin tikintisində işləmişdir. Sonra könüllü olaraq cəbhəyə getmişdir. Böyük Vətən müharibəsinin əvvəlindən axırına kimi döyüş yollarından mərdliklə keçmiş, cəbhədən qayıtdıqdan sonra isə Odessada, Voznesenskdə, Nikolayevdə işləmişdir. Yüksək ixtisaslı, tələbkar, işgüzar mütəxəssis kimi tanınan K.Axundov yenicə salınan Sumqayıt şəhərinə göndərilmişdir.
K.Axundov xatırlayır ki, indi Sumqayıtın bağlarında və parklarında gəzərkən buraların nə vaxtsa kol-koslu düzənlik olduğuna inanmaq çətindir. O, uzun illər “Mənziltikinti” trestinə başçılıq etmiş, şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini olmuşdur. Sumqayıtda bir çox binalar, sosial-mədəniyyət obyektləri onun iştirakı ilə tikilmişdir. Bu gün də Kərim Axundov sıradadır, şəhər Ağsaqqallar Şurasının fəal üzvüdür.
Sumqayıtdakı “Səadət“ şadlıq evində keçirilən yubiley gecəsində onun ünvanına xoş sözlər deyilmişdir. Şəhərin rəhbərliyi, sənaye müəssisələrinin başçıları, uzun illər yubilyarla birlikdə işləmiş əmək veteranları xatirələrini danışmış, Sumqayıtın fəxri vətəndaşını təbrik etmişlər.