İQTİSADİYYAT
SUMQAYITDA İLKİN ALÜMİNİUMUN SABİT İSTEHSALI QAYDAYA SALINMIŞDIR
“Azəralüminium” SC-nın Sumqayıt sahəsi 2003-cü ildə 18611, 58 ton ilkin alüminium istehsal etmişdir ki, bunun da 17853, 73 tonu ixrac olunmuşdur. Bunu AZƏRTAC-ın müxbirinə səhmdar cəmiyyətdən xəbər vermişlər. Azərbaycanda alüminium istehsalını 2003-cü ildə Hollandiyanın “Fondel metal” şirkəti bərpa etmişdir. Bu şirkət 2001-ci ildə 3 zavodu 25 il müddətinə öz ixtiyarına götürərək, həmin zavodlara 81 milyard manat məbləğində sərmayə qoymağı öhdəsinə almışdır. Şirkət bu zavodda bərpa işləri apardıqdan sonra burada ildə, ümumiyyətlə, 29 min ton alüminium istehsal olunur. SSRİ dövründə zavod hər il 25 min ton ilkin alüminium buraxırdı, lakin İttifaq dağıldıqdan sonra xammalla və məhsul satışı ilə bağlı problemlər meydana çıxmış, nəticədə istehsal ildə 1500 tona enmişdi. “Fondel metal” şirkəti zavodun yenidən qurulması məsələsini və 2006-cı ildə onun ümumi istehsal gücünü ildə 75 min tona çatdırmaq məsələsini öyrənir. Alüminium zavodunun gücünün artırılması şirkətə 50 milyon ABŞ dollarına başa gələ bilər. Burada buraxılan məhsul ən yüksək keyfiyyət dərəcəsinə malikdir və Türkiyəyə, BƏƏ-yə, Hindistana, Rusiyaya, habelə digər ölkələrə ixrac olunur.