MƏDƏNİYYƏT
SUMQAYITDA İLK DƏFƏ ŞƏHƏR GÜNÜ QEYD OLUNMUŞDUR
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev bayrama gələnləri salamlayaraq bildirmişdir ki, indən belə Şəhər günü hər il qeyd olunacaqdır. Sevindirici haldır ki, ilk belə bayram ölkəmizin həyatında mühüm hadisəyə - prezident seçkiləri ərəfəsinə və respublikanın Baş naziri İlham Əliyevin Sumqayıta gəlişinə təsadüf etmişdir. Bu il şəhərin 54 yaşı tamam olur. Bunun 34 ili Azərbaycan Prezidenti Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Heydər Əliyev Sumqayıta və sumqayıtlılara həmişə xüsusi qayğı və diqqət göstərmişdir. Bu müddət ərzində onun bilavasitə iştirakı ilə Sumqayıtda iri kimya, metallurgiya, maşınqayırma, yüngül sənaye müəssisələri, sosial-mədəniyyət obyektləri yaradılmışdır.
V.Əliyev son vaxtlar Sumqayıtda baş vermiş müsbət dəyişikliklərdən danışaraq bildirmişdir ki, bütün bunlar dövlət başçısının aprelin 3-də şəhər fəalları ilə görüşündə irəli sürdüyü konkret vəzifələrə sumqayıtlıların məsuliyyətlə yanaşmasının nəticəsidir.
Şəhər gününə həsr olunmuş təntənələrin iştirakçıları parkın baş xiyabanında şəhərin 40-dan artıq sənaye müəssisəsinin, dövlət idarələrinin hazırladıqları pavilyonlarla tanış olmuşlar.
Vaqif Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bugünkü bayramın əsas qəhrəmanları şəhərin veteranları, sadə zəhmətkeşlər olmuşlar. Hamı bir yerdə idi, bu isə çox vacibdir, axı Sumqayıtın yaranması və tərəqqisində onların hər birinin əməyi var.
Axşam şəhərin baş meydanında Azərbaycan incəsənət ustalarının iştirakı ilə böyük konsert olmuşdur.