MƏDƏNİYYƏT
SUMQAYITDA “İSTEDAD-2003” MÜSABİQƏSİ LAUREATLARININ KONSERTİ OLMUŞDUR
4 nominasiya üzrə keçirilən müsabiqədə 400-ə yaxın məktəbli və gənc, onların qaçqın və məcburi köçkün ailələrindən olan yaşıdları iştirak etmişlər. Münsiflər heyətinin qərarı ilə 6 nəfər laureat adına layiq görülmüş, onlara diplomlar və mükafatlar təqdim edilmişdir. Daha 15 iştirakçıya isə həvəsləndirici mükafatlar verilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev uğurlu çıxışları münasibətilə laureatları təbrik edərək bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin ötən il aprelin 3-də Sumqayıtda görüşdə qarşıya qoyduğu əsas vəzifələrdən biri qısa müddətdə şəhərin mədəni həyatını canlandırmaq olmuşdur. Onun göstərişi ilə 2 böyük mədəniyyət sarayı əsaslı təmir edilmiş, bu da uzun müddət yararsız binada yerləşən Dövlət Musiqili Dram Teatrının fəaliyyətinə yeni təkan vermişdir. Bugünkü bayram da ümummilli liderimizin tapşırıqlarının yerinə yetirildiyinə sübutdur. V.Əliyev ümidvar olduğunu bildirdi ki, yaradılmış şərait sumqayıtlıların mənəvi inkişafına, estetik zövqünün formalaşmasına, onların məzmunlu istirahətinə kömək edəcəkdir.
Sonra müsabiqə laureatlarının iştirakı ilə konsert oldu.