İQTİSADİYYAT
SUMQAYITDA PENSİYALARI BANKOMATLAR VERİR
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevin, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun, Azərbaycan Beynəlxalq Bankı idarə heyəti sədrinin müavini Emil Mustafayevin, bankın Sumqayıt filialının direktoru Etibar Məmmədovun iştirak etdikləri tədbirdə bildirildi ki, artıq 9 min 700 pensiyaçıya pulsuz olaraq plastik kartlar verilmişdir. Şəhərdə 60 minə yaxın pensiyaçı vardır ki, onların da 39 min 700-ü işləmir. Məhz bu pensiyaçılar may ayınadək plastik kartlarla təmin ediləcəklər. Bu, onların öz pensiyalarını respublikanın istənilən bölgəsində istədikləri vaxt almasına imkan verəcəkdir.
Sumqayıtda artıq 11 bankomat fəaliyyət göstərir, yaxın vaxtlarda şəhərin qələbəlik yerlərində daha 9 bankomat quraşdırılacaqdır. Bankomatlar gecə-gündüz işləyəcəkdir. Layihə Beynəlxalq Bankla birgə həyata keçirilir.
Mütəxəssislərin fikrincə, pensiyaların bu cür ödənilməsi müxtəlif mənfi halları aradan qaldırmağa kömək edəcəkdir.