İQTİSADİYYAT
SUMQAYITDA ZONA MÜŞAVİRƏSİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıtda Maliyyə Nazirliyinin təşəbbüsü ilə zona müşavirəsi keçirilmişdir. Müşavirədə Abşeron, Şamaxı, Ağsu, Qobustan, Qubadlı rayonlarının və Sumqayıtın büdcə təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Maliyyə naziri Əvəz Ələkbərov müşavirəni açaraq bildirdi ki, büdcə təşkilatlarını 2005-ci ilin büdcəsi üzərində işləməyə daha fəal cəlb etmək məqsədi ilə təşkil olunmuş belə tədbirlər respublikamızın daha altı bölgəsində keçiriləcəkdir. Bu, büdcə proqnozunu daha real əks etdirməyə imkan verəcəkdir.
Nazir dedi ki, dövlət başçısı İlham Əliyevin Fərmanı ilə elmi işçilərin əmək haqqı ilin əvvəlindən bəri 5 dəfə qaldırılmış, mayın 1-dən isə təxminən 88 min tələbənin təqaüdü, ümumən, 3,2 dəfə artırılacaqdır.
Son 8 ildə banklarda əhalinin əmanətləri artaraq, 200 milyon ABŞ dolları olmuş, ümumi daxili məhsulun artımı 90 faizə çatmışdır. Büdcə gəliri 3,9 dəfə, əsas kapitala yönəldilmiş sərmayələrin həcmi 6,5 dəfə, xarici ticarət dövriyyəsi 3,3 dəfə, əhalinin real pul gəlirləri 3 dəfə, orta əmək haqqı 6 dəfə artmışdır. Büdcə kəsiri 2 faizi ötməmiş, inflyasiyanın illik səviyyəsi isə 1-2 faiz olmuşdur.
Ə.Ələkbərov həmçinin bildirdi ki, açıq dialoqda marağı olan nazirlik müasir informasiya bankı sisteminin yaradılması və təkmilləşdirilməsi sahəsində işlər görür, bu isə həmin banka rahat daxil olmağa imkan verəcəkdir.
Sonra nazirliyin büdcə şöbəsinin rəisi Fazil Fərəcov “2003-cü il dövlət büdcəsinin icrası, cari ilin birinci rübündə dövlət büdcəsinin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi. Onun məruzəsində konkret misallarla ayrı-ayrılıqda hər bir rayon üzrə büdcənin yerinə yetirilməsi mənzərəsi göstərildi, müqayisəli təhlil verildi.
Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev müşavirədəki çıxışında bildirdi ki, sumqayıtlılar “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin imzaladığı Fərmanını ruh yüksəkliyi ilə qarşılamışlar. Dövlət Proqramında Sumqayıtın da perspektiv inkişafına kifayət qədər diqqət yetirilmişdir. O dedi ki, istənilən məsələnin həlli, ilk növbədə, onun maliyyə mənbəyini müəyyənləşdirməyi tələb edir və bu müşavirənin keçirilməsi daha sıx əlaqələrin yaradılmasına, mərkəzin bölgələrlə daha yaxşı qarşılıqlı fəaliyyət göstərməsinə imkan verəcəkdir.
Sonra rayonların nümayəndələri konkret təkliflərlə çıxış edərək, həllini gözləyən bir sıra məsələlər qaldırdılar.
Müşavirədə yerlərdəki müvafiq qurumlar qarşısında duran aktual vəzifələr, büdcənin ümumi cəhətləri müəyyənləşdirildi, lazımi tövsiyələr verildi.
Nazirliyin mütəxəssisləri müşavirə iştirakçılarının çoxsaylı suallarına cavab verdilər.