SİYASƏT
SUMQAYITDA ZONA SEMİNARI KEÇİRİLMİŞDİR
Mərkəzin rəisi Mehdi Səlimzadə, Milli Məclisin deputatları Şaitdin Əliyev və Gülmət Pirmətov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Zakir Fərəcov və başqaları çıxışlarında yerli özünüidarə orqanlarının formalaşmasında və təşəkkülündə Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin rolunu xüsusi vurğulamışlar. Onlar bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı ümummilli liderimizin başladığı iqtisadi islahatların müvəffəqiyyətlə davam etdirilməsinin parlaq nümunəsidir.
Seminarda bu Dövlət proqramının həyata keçirilməsi işində bələdiyyələrin dövlət qurumları ilə qarşılıqlı əlaqəsinin aktual məsələləri müzakirə edilmişdir.
Natiqlər maliyyə bazasının yaradılmasında və ondan səmərəli istifadə olunmasında müsbət nəticələr qazanmış Sumqayıt bələdiyyəsinin təcrübəsini qeyd etmişlər. Respublikada fəaliyyət göstərən 2670 bələdiyyə arasında Sumqayıt bələdiyyəsi haqlı olaraq qabaqcıllardan biri sayılır və seminarın da məhz burada keçirilməsi təsadüfi deyildir.
Mərkəzin mütəxəssisləri, Ədliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, eləcə də bələdiyyələrin işinin təşkili üzrə mütəxəssislər seminar iştirakçılarının çoxsaylı suallarına cavab vermişlər.