Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SUMQAYITELEKTRİKŞƏBƏKƏ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN VƏ “ŞƏKİ REGİONAL ENERJİ TƏCHİZATI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN İDARƏETMƏYƏ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması, regionların elektrik şəbəkələrinin fəaliyyətinin sağlamlaşdırılması, infrastruktur sahələrində restruktrizasiya tədbirlərinin həyata keçirilməsi, elektrik enerjisi təchizatı sahəsində ödəmələrin şəffaflığının daha da artırılması və əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. “Sumqayıtelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti və Şəki, Qax, Balakən, Zaqatala və Oğuz rayonlarının paylayıcı elektrik şəbəkələrini əhatə edən “Şəki Regional Enerji Təchizatı” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında idarəetməyə verilsin.

2. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılsın ki, “Sumqayıtelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin və “Şəki Regional Enerji Təchizatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada idarəetməyə verilməsi üçün açıq müsabiqələrin keçirilməsini təmin etsin və müsabiqələrin qalibi ilə müvafiq müqavilə bağlasın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin