İQTİSADİYYAT
SUMQAYITLILAR ÖTƏN İLİN SOSİAL-İQTİSADİ İNKİŞAFINA YEKUN VURMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, fevralın 16-da Sumqayıt şəhər icra hakimiyyəti başçısının yanında Şuranın geniş yığıncağı keçirilmiş və ötən ilə yekun vurulmuşdur.
Yığıncaqda Milli Məclisin deputatları, şəhərin idarə, təşkilat, müəssisə və ictimai birliklərinin rəhbərləri, ziyalıların nümayəndələri, əmək veteranları və ağsaqqallar iştirak etmişlər.
Tədbirdən əvvəl iştirakçılar Səməd Vurğun adına Mədəniyyət sarayının foyesində açılan böyük fotosərgi ilə tanış olmuş, 50-dən çox dövlət müəssisəsinin və özəl müəssisənin burada nümayiş etdirilən məhsullarına baxmışlar. Şəhərin nailiyyətlərindən bəhs edən sənədli film göstərilmişdir.
İcra hakimiyyətinin başçısı Vaqif Əliyevin “Sumqayıtın 2006-cı ildə sosial-iqtisadi inkişafının yekunları və 2007-ci ildə qarşıda duran vəzifələr haqqında” hesabat məruzəsində bütün sahə və qurumların fəaliyyəti ətraflı təhlil edildi. Bildirildi ki, şəhərin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini əhatə edən proqram, ümumən, yerinə yetirilmişdir.
Məruzəçi görülmüş işlərdən danışaraq, konkret rəqəmlər və misallar gətirdi, hesabat dövründə sənayenin, tikintinin, nəqliyyatın, telekommunikasiyanın, səhiyyənin, təhsilin, mədəniyyət və idmanın, habelə şəhərin təsərrüfat qurumlarının, sosial sahənin, sahibkarlığın inkişafından, şəhər büdcəsinin icrasından söhbət açdı.
V.Əliyev bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramında Sumqayıtın problemlərinə və perspektivinə kifayət qədər geniş yer ayrılmışdır. İndi şəhər intensiv inkişaf edir. 2006-cı ildə istehsalın ümumi həcmi əvvəlki ildəkinə nisbətən 33,6 faiz artmışdır. 354 milyon manatlıqdan çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Orta aylıq əmək haqqı 36,8 faiz artmışdır. İstehsalda və əhaliyə göstərilmiş xidmətlərdə qeyri-dövlət sektorunun payı 56 faizdən yuxarıdır.
Sumqayıtda kiçik və orta biznesin inkişafı üçün əlverişli şərait yaradılmasına xüsusi diqqət yetirilir. İki iri müəssisə - “Bismak” biskvit və makaron məmulatı istehsalı üzrə müasir kompleks və lifli borular buraxılışı üzrə “Azkompozit” zavodu istifadəyə verilmişdir. Onların açılışında dövlət başçısı da iştirak etmişdir.
Hesabat dövründə bir sıra yeni müəssisələr də istismara verilmiş və bəzi müəssisələr bərpa olunmuşdur. Bütün bunlar iş yerlərinin sayının artmasına müsbət təsir göstərmişdir. Təkcə keçən il 6733 yeni iş yeri açılmışdır. Ümumiyyətlə isə, 2003-cü ilin oktyabrından bəri 24 mindən artıq yeni iş yeri yaradılmışdır ki, onların da 11300-ü daimi iş yerləridir.
Sumqayıtda yaşayış binalarının tikintisi intensiv surətdə gedir. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün sayca beşinci yaşayış evi tezliklə təhvil veriləcəkdir.
Məruzəçi daha sonra vurğuladı ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, şəhərdə strateji əhəmiyyətli obyektlərin - gündə 200 min kubmetr çirkabı təmizləyən qurğunun və respublikada analoqu olmayan 517 MVt gücündə elektrik stansiyasının tikintisi davam etdirilir.
V.Əliyev orta təhsil ocaqlarının, mədəniyyət və səhiyyə müəssisələrinin, mənzil fondunun maddi-texniki bazasının möhkəmləndirilməsi, yolların təmiri və tikintisi, abadlıq və yaşıllaşdırma sahəsində görülən işlərdən də danışdı.
Müzakirələrdə çıxış edənlər icra hakimiyyətinin 2006-cı ildəki fəaliyyətini müsbət qiymətləndirdilər, şəhərdə kommunal xidmətlərin yaxşılaşmasına, mədəni həyatın canlanmasına və mənəvi-psixoloji ab-havanın sağlamlaşmasına yönəldilmiş tədbirlərin səmərəliliyini vurğuladılar.
Respublika Baş nazirinin birinci müavini Yayub Eyyubov yığıncaqda çıxış etdi.
Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.