SUMQAYITLILAR ÜÇÜN İFTAR SÜFRƏLƏRİ

Xalqımızın öz milli və dini köklərinə qayıdışının kütləviliyi ilə xüsusi olaraq seçildiyi mübarək Ramazan ayının son günləri oruc tutan müsəlman bacı və qardaşlarımıza “Azərikimya” Dövlət Şirkəti rəhbərliyinin diqqət və qayğısının daha da artması ilə müşayiət olunur.

Ötən iki gün ərzində şirkətin prezidenti, Milli Məclisin deputatı Fikrət Sadıqovun təşəbbüsü ilə Sumqayıtın ən iri yaşayış sahələrində - 1-ci, 36-cı və birləşmiş məhəllələrdə, 2-ci və 4-cü mikrorayonlarda, həmçinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə geniş iftar süfrələri açılmışdır.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə dini adət və ənənələrimizə hörmət və ehtiramın güclənməsinə xidmət edən Ramazan süfrələri öz ətrafına 2 minə yaxın müsəlman qardaş və bacılarımızı toplamışdır. Təqdirəlayiq haldır ki, iftar süfrələri F.Sadıqovun bir deputat kimi təmir və bərpası üçün qayğı göstərdiyi xeyir-şər binalarında, həm də onun ilk gündən oruc tutan bir müsəlman kimi qayğısı sayəsində təşkil olunmuşdur. Şəhər sakinləri ötən il Sumqayıtın 16-cı məhəlləsində, bu il isə Köhnə Kottec adlanan yaşayış məhəlləsində yeni xeyir-şər binaları tikdirmiş deputatın son illərdə şəhərin sosial-mədəni inkişafına, milli adət və ənənələrimizin qorunub-yaşadılmasına diqqət və qayğısının artdığını xüsusi razılıqla qeyd edirlər. Əgər bu cür iftar məclisləri keçən il şəhərin yalnız 4 yaşayış sahəsində təşkil edilmişdisə, bu il onların sayı 9-a çatdırılmışdır.

Bu gün – yəni noyabrın 23-də bu cür, lakin daha geniş miqyaslı üçüncü tədbir Sumqayıt şəhər məscidində keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.