SİYASƏT
SUMQAYIT AVSTRİYANIN LİNTS ŞƏHƏRİ İLƏ ƏLAQƏLƏR QURUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Sumqayıt şəhərinin nümayəndə heyəti sentyabrın 16-dan 19-dək Avstriyanın Lints şəhərində səfərdə olmuşdur. Səfərdən məqsəd Sumqayıt ilə Lints şəhərləri arasında qurulacaq əməkdaşlıq üçün potensial imkanları araşdırmaq və yerli təcrübəni öyrənmək olmuşdur.
Nümayəndə heyəti səfər müddətində Avstriya Federal Prezidenti Haynts Fişer, Yuxarı Avstriya əyalətinin qubernatoru Yozef Pürinqer və bir çox ölkə rəsmilərinin qatıldığı “Bruknerfest 2007” festivalının açılış mərasimində də iştirak etmişlər.
Azərbaycan-Avstriya İqtisadi Cəmiyyətində yerli sahibkarlarla keçirilən görüşdə hər iki şəhərin kiçik və orta sahibkarları arasında mümkün əməkdaşlıq imkanları, sərmayə qoyuluşu, tərəfləri maraqlandıran məhsulların idxal-ixrac məsələləri haqda fikir mübadiləsi aparılmışdır.
Yuxarı Avstriya İqtisadiyyat Palatasında vitse-prezident Maria Rabmer-Koller ilə keçirilən görüşdə şəhərlər arasında müxtəlif sahələri əhatə edən oxşarlıqlardan bəhs edilmiş, təkcə kimya sənayesi deyil, həmçinin iqtisadiyyatın digər sahələrində səmərəli əməkdaşlıq yolları haqda söhbət aparılmışdır.
Avstriyada ən güclü regional bank olan Rayfayzen Landesbankın rəhbərliyi ilə görüşdə Şərqi Avropa ölkələrində geniş fəaliyyət göstərən bu bankın Sumqayıtda həyata keçirilən layihələrə sərmayə qoyması imkanları haqda danışılmışdır.
Səfər müddətində nümayəndə heyəti Lints şəhəri Turizm Cəmiyyəti, Şəhərsalma və İnkişaf İdarəsi, Mədəniyyət İdarəsi və tullantı emalı müəssisəsi təmsilçiləri ilə görüşlər keçirmişdir. Görüşlərdə Lints şəhərində müvafiq sahələr üzrə aparılan işlər haqda təqdimatlara baxılmış, oxşar xüsusiyyətlərə malik sənaye şəhərləri arasında əməkdaşlığın yolları müzakirə edilmişdir.
Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov və səfirliyin əməkdaşları səfər zamanı nümayəndə heyətini müşayiət etmişlər.