İDMAN
SUMQAYIT İDMANÇILARI NAİLİYYƏTLƏRİ BUNDAN SONRA DA DAVAM ETDİRƏCƏKLƏR
Sumqayıtda idmançıların şərəfinə qəbul təşkil edilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Təvəkkül Məmmədov tədbiri açaraq dedi ki, bir neçə gün əvvəl respublikamız Milli Olimpiya Komitəsinin yaranmasının 10 illiyini qeyd etdi və hamımız Azərbaycan Prezidenti Heydər Əliyevin oradakı nitqinin təsiri altındayıq.
Bildirildi ki, beynəlxalq yarışlarda 70 medal qazanmış Sumqayıt idmançıları Azərbaycan şərəfini uca tuturlar. 1998-ci ildən bəri 45 idmançı, o cümlədən bu il 14 nəfər Milli Olimpiya Komitəsinin təqaüdünə layiq görülmüşdür. Şəhərdə idmanla məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Dünya və Avropa yarışlarında 15 medal qazanmış güləşçilərin, boksçuların, şahmatçıların, taekvandoçuların uğurları xüsusi qürur hissi doğurur.
Azərbaycanın əməkdar məşqçisi Əhməd Rəcəbli, şahmat üzrə Avropa çempionu Zeynəb Məmmədyarova çıxış edərək, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Natiqlər dedilər ki, onun MOK-un prezidenti seçilməsi ilə idmana və idmançılara diqqət kökündən dəyişmişdir. Bu isə onların yüksək nailiyyətlərində özünü büruzə verir. Respublikanın bütün gəncləri kimi, Sumqayıt idmançıları da İlham Əliyevi özlərinin lideri və sevimlisi hesab edirlər.
Axırda idmançılara qiymətli hədiyyələr verildi, şəhər bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert oldu.