İQTİSADİYYAT
SUMQAYIT İLƏ FRANSANIN LİLL ŞƏHƏRİ ARASINDA ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ QURULACAQ
AZƏRTAC xəbər verir ki, xarici ölkələrin şəhərləri ilə əməkdaşlıq sahəsində böyük təcrübəyə malik Sumqayıt şəhərinin rəhbərliyi Fransanın sənaye mərkəzlərindən olan Lill şəhəri ilə əməkdaşlıq əlaqələrinin qurulması təşəbbüsü ilə çıxış etmişdir. Bu məqsədlə Fransanın Azərbaycandakı səfiri Bernar Amodrik dü Şafo Sumqayıtda olmuş, şəhər icra hakimiyyətində, sənaye müəssisələrində görüşlər keçirmişdir.
Səfir əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoymuşdur. Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev ilə görüşdə qonağa şəhərin tarixi, ictimai-mədəni həyatı, sosial-iqtisadi inkişafı haqqında məlumat verilmişdir.
V.Əliyev Lill şəhəri ilə əməkdaşlıq əlaqələri qurmaq təklifinin təsadüfi olmadığını bildirmiş, Sumqayıtın xarici ölkələrin şəhərləri ilə əməkdaşlıq sahəsində böyük təcrübəyə malik olduğunu demişdir. İcra hakimiyyətinin başçısı qeyd etmişdir ki, mayda Sumqayıt ilə Almaniyanın Lüdviqshafen şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə təntənəli yubiley tədbirləri keçiriləcəkdir. Bundan əlavə, Sumqayıt İtaliyanın Bari, Türkiyənin Ceyhan, Ukraynanın Çerkassı və Çinin Cucou şəhərləri ilə qardaşlaşmış şəhər əlaqələri mövcuddur. Cari ildə Avstriyanın Lints, İtaliyanın Genuya, Belarusun Mogilyov və Qazaxıstanın Aktau şəhərləri ilə dostluq əlaqələrinin qurulması haqqında müvafiq sənədlərin imzalanması nəzərdə tutulmuşdur.
V.Əliyev, həmçinin fransız iş adamlarını Sumqayıt şəhərinə dəvət etmiş və bu sahədə də səfirliklə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirmişdir.
Bernar Amodrik dü Şafo Lill ilə Sumqayıtın bir sıra oxşar cəhətlərinin olduğunu deyərək, şəhərlər arasında əməkdaşlıq əlaqələrinin qurulması təklifini yüksək qiymətləndirmiş, bu istiqamətdə hərtərəfli köməyini əsirgəməyəcəyini bildirmişdir.
Fransalı diplomat Şəhər Dövlət Rəsm Qalereyasında yerli rəssam Babək Hüseynzadənin karikatura sərgisinə baxmış, sənaye zonasında “Sumqayıt Sənaye İstehsalı” ASC-nin və “Bismak” MMC-nin fəaliyyəti ilə tanış olmuş, yerli sahibkarlarla fransız iş adamları arasında biznes əlaqələrinin inkişaf etdirilməsinə dair danışıqlar aparmışdır.