ELM VƏ TƏHSİL
SUMQAYIT MƏKTƏBLƏRİ YENİ DƏRS İLİNƏ HAZIRDIR
Müşavirədə qeyd olunmuşdur ki, 2003-cü ilin aprel ayından, ümummilli liderimiz Heydər Əliyevin Sumqayıta məlum səfərindən sonra orta məktəblərin maddi-texniki bazası xeyli möhkəmlənmişdir. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 30 məktəbdə dam örtüyü və şiferlər dəyişdirilmişdir. Bu mühüm işə cəlb edilmiş qurumların dəqiq və planlı işi, qarşılıqlı fəaliyyəti sayəsində yay tətili günlərində Sumqayıt məktəblərinin görkəmi tamamilə yeniləşmişdir. Sanitariya texnikası avadanlığı və borular təzələnmiş, 20 məktəbdə zirzəmilər qurudulmuş, subasmanın qarşısını almaq üçün nasoslar qoyulmuşdur.
Müşavirədə çıxış edənlər bu işdə hami müəssisələrin köməyindən danışmışlar. Həmin müəssisələr arasında Superfosfat, Sintezkauçuk, “Etilen-polietilen”, Səthi aktiv maddələr zavodları, habelə “Azərboru”, “Sumqayıtçörək” SC-ləri və digərləri fərqlənmişdir.
Təhsil işçilərini xüsusilə sevindirən bir də odur ki, dərs ili ərəfəsində şəhərdə təzə məktəb binası, 1 və 8 nömrəli məktəblərdə isə yeni tədris korpusları istifadəyə verilmişdir.
Yeni dərs ili üçün bütün məktəblər müəllimlərlə təmin olunmuş, şagirdlərə pulsuz verilmək üçün dərsliklər alınmışdır.
Ötən il şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Sumqayıtdakı 6 məktəbin nəzdində yay uşaq istirahət düşərgələri öz fəaliyyətini bərpa etmişdi. Bu il həmin təcrübə uğurla davam etdirilmiş və artıq 12 məktəbdə belə düşərgələr açılmışdır.
Məktəb direktorları iftixarla vurğulamışlar ki, cari ildə də məzunlar respublikanın ali təhsil müəssisələrinə test imtahanlarında yüksək nəticələr göstərmiş, 73 nəfər 600-dən artıq bal toplamışdır.