SİYASƏT
SUMQAYIT POLİSİNİN ƏMƏKDAŞLARI ÖZ BAYRAMINI YÜKSƏK GÖSTƏRİCİLƏRLƏ QARŞILADILAR
Milli polisin yaradılmasının 85 illik yubileyi münasibətilə Sumqayıt Şəhər Polis İdarəsində təntənəli yığıncaq keçirilmişdir. Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndi. Yığıncaq iştirakçıları şəhidlərin – Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş, habelə öz xidməti borcunun icrası zamanı həlak olmuş polis əməkdaşlarının xatirəsini yad etdilər. Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrik məktubu oxundu. Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Sevindik Səfərov məruzə edərək, milli polisin yaradılması tarixindən, respublikada sabitliyin və asayişin qorunmasında onun rolundan danışdı. S.Səfərov qeyd etdi ki, şəhərdə soyğunçuluqla, quldurluqla məşğul olan xüsusi təhlükəli cinayətkar qruplar son vaxtlar aparılmış məqsədyönlü, yaxşı hazırlanmış və əlaqələndirilmiş əməliyyatlar sayəsində aşkar edilmiş və zərərsizləşdirilmişdir. O vurğuladı ki, cari ilin 6 ayı ərzində bütün növlər üzrə cinayətlərin açılması 98 faizdən artıq olmuş, ağır və xüsusilə ağır cinayətlər isə 100 faiz açılmışdır. Vaxtında görülmüş profilaktik tədbirlər nəticəsində cinayətlərin sayı da azalmışdır. Məruzəçi polis əməkdaşlarına daim diqqət yetirdiyinə və onların əmək haqqını 50 faiz artırdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə minnətdarlığını bildirdi. Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev təntənəli yığıncaqdakı çıxışında polis əməkdaşlarını təbrik etdi, şəhər polis idarəsinin şəxsi heyətinin fəaliyyətini yüksək qiymətləndirdi, Azərbaycanda hüquqi dövlət quruculuğunda polisin rolundan söz açdı. O, milli polisin yüksək peşəkar korpusunun formalaşdırılmasında, onlar üçün əlverişli iş şəraitinin yaradılmasında Azərbaycan Prezidenti, görkəmli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin rolunu xüsusi vurğuladı. Xüsusi fərqlənmiş əməkdaşlara Fəxri fərmanlar, qiymətli hədiyyələr, mükafatlar təqdim olundu. Polis veteranları da yaddan çıxmadı. Bayram münasibətilə onlara pul mükafatı verildi.