SİYASƏT
SUMQAYIT ŞƏHƏR PROKURORLUĞUNDA MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Sumqayıtda respublikanın baş prokuroru Zakir Qaralovun və icra hakimiyyətinin başçısı Vaqif Əliyevin, şəhər hüquq-mühafizə orqanları rəhbərlərinin və prokurorluğun kollektivinin iştirakı ilə Baş Prokurorluqda İstintaqa nəzarət idarəsi rəisinin müavini işləmiş Dağlar Zeynal oğlu Zeynalovun Sumqayıt şəhər prokuroru vəzifəsinə təyin edilməsi ilə əlaqədar müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov qeyd etmişdir ki, ölkə Prezidentinin son dövrlərdə Sumqayıtda yaranmış ictimai-mənəvi iqlimin zərərli nəticələri və onların təxirə salınmadan aradan qaldırılması ilə bağlı verdiyi proqram xarakterli tövsiyə və tapşırıqlar şəhərin bütün hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq qarşısında çox böyük və məsuliyyətli vəzifələr qoymuşdur.
Bütövlükdə cinayyətkarlığa qarşı mübarizə işi Sumqayıtda əsasən düzgün təşkil olunsa da, müşavirədə qanunçuluğun və hüquq qaydalarının qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyi və keyfiyyətinin yüksəldilməsi, hüquq-mühafizə orqanlarında sağlam və işgüzar münasibətlərin formalaşması üçün ciddi tədbirlər görülməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Bu il aprelin 3-də Sumqayıtda keçirilmiş müşavirədən sonrakı dövrdə Azərbaycan Prezidenti Heydər Əliyevin tövsiyə və göstərişlərinə müvafiq olaraq şəhərdə ictimai-mənəvi iqlimin dəyişdirlməsi, sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verən icra hakimiyyətinin başçısı Vaqif Əliyev əmin olduğunu bildirmişdir ki, şəhərə yeni prokurorun təyin olunması cinayyətkarlığa qarşlı mübarizə işinin düzgün təşkilinə, hüquq-mühafizə orqanları arasında qarşılıqlı birgə fəaliyyətin səmərəliliyinin artırılmasına müsbət təsirini göstərəcəkdir.