REGİONLAR
SUVARMA MÖVSÜMÜNƏ HAZIRLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Müşavirədə 2006-cı ildə 1 milyon 310 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma rejimi və normalarına uyğun su ilə təmin olunması üçün nəzərdə tutulan təmir-bərpa işlərinin yerinə yetirildiyi, su anbarlarının iş rejiminin, magistral kanalların su limitlərinin hazırlanaraq təsdiqləndiyi, yerlərə məsul işçilərin təhkim olunduğu bildirilmiş, həyata keçirilən tədbirlərin davam etdirilməsi üçün yerli təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Bildirilmişdir ki, suvarma mövsümünə hazırlıqla əlaqədar görülmüş təmir və bərpa işləri, əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilməsinə şərait yaradacaqdır.
Respublikanın çaylarında baş verə biləcək daşqın zamanı sel sularının maneəsiz axıdılması məqsədi ilə həyata keçirilən tədbirlər də müzakirə edilmiş, ötən illərə nisbətən cari ildə bu sahədə daha çox iş görüldüyü bildirilmiş, əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Müşavirədə, həmçinin Nazirlər Kabinetinin 2006-cı il 18 mart tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamənin və Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli qərarı ilə təsdiqlənmiş tariflərin tətbiqi sahəsində qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Müzakirələrdə vurğulanmışdır ki, dövlət başçısının meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi böyük diqqət və qayğıya cavab olaraq, Səhmdar Cəmiyyəti respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və ərzaq bolluğunun yaradılmasına bundan sonra da öz töhfəsini verəcəkdir.