REGİONLAR


Saatlı: bu günədək 1767 kiloqramdan çox barama tədarük olunub

Saatlı, 13 iyun, Mahir Babayev, AZƏRTAC

Saatlıda üçüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son üç ildə rayonda 79 min tut tingi əkilib, bir neçə yaşayış məntəqəsində müasir kümxana tikilib və digər zəruri tədbirlər həyata keçirilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 8 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 200 qutu (3 min 800 qram) ipəkqurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd, Əliabad, Dəlilər və digər kəndlərdən olan 52 kümçüyə paylanılıb.

Bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. Bu günədək rayon üzrə 1767,3 kiloqram barama təhvil verilib ki, bunun da yarıdan çoxunu Azadkənd və Dəlilər kəndlərinin baramaçıları istehsal edib.

Dəlilər kənd sakini Əlişirin Cəlilov bu mövsüm 5 qutu ipəkqurdu toxumu götürərək bəsləyir. “Bu sahə rayonda yeni olduğundan digər kümçülər kimi ilk illər çətinliklərim olsa da, mütəxəssislərdən öyrəndiklərimi tətbiq etməklə yaxşı nəticələr əldə etmişəm. İpəkqurduna yaxşı qulluq etdiyimdən məhsul gözlədiyimdən də çoxdur. Bu günə kimi tədarük məntəqəsinə 187 kiloqram barama təhvil vermişəm. Hələ kümxanada məhsulum var. Bundan sonra daha 15-20 kiloqram məhsul təhvil verəcəyəm”, - deyə kümçü bildirib.

Rayonda barama tədarükü davam edir.

Qeyd edək ki, ötən il Saatlıda 33 ailə ipəkqurdu bəsləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.