REGİONLAR
Saatlı: gün ərzində tarlalardan 350-370 ton pambıq yığılır
Saatlı, 19 sentyabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda pambıq yığımı uğurla davam edir. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 12 min ton “ağ qızıl” toplayan saatlılar cari ildə də birinciliyi əldən vermək niyyətində deyillər. Pambıqçılar bu günədək sahələrdən 3 min tondan çox pambıq toplayaraq qəbul məntəqələrinə göndəriblər. Gün ərzində tarlalardan 350-370 ton məhsul yığılır.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il Saatlıda 17 min 220 hektar sahədə pambıq əkilib. Ötən il isə bu rəqəm 8 min 109 hektar olub. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib.
Təcrübəli pambıq ustası, fermer Famil Əzimov AZƏRTAC-a bildirib ki, ölkə rəhbərinin qeyri-neft sektorunun inkişafına verdiyi dəstək və pambığın alış qiymətinin artırılaraq 50 qəpiyə çatdırılması rayonda pambıq əkini ilə məşğul olan fermerlərin bu sahəyə marağını xeyli artırıb. Pambıqçılığın inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə dövlət tərəfindən edilən güzəştlər, subsidiyalar öz bəhrəsini verir. İndi sahələrdə ötən ildəkindən qat-qat çox məhsul var və hər hektardan orta hesabla 30-35 sentner məhsul götürülür.
Bir neçə gündür ki, pambıqyığan maşınlar da sahələrə çıxarılıb. Hazırda pambıq tarlalarında 30-dan çox pambıqyığan maşın işləyir. İndiyədək sahələrdən maşınla 334 ton pambıq yığılıb.
Qeyd edək ki, bu il saatlılı pambıqçılar sahələrdən 35 min ton məhsul toplamağı qarşıya məqsəd qoyublar.