REGİONLAR
Saatlı pambıqçıları 37 min tondan çox məhsul əldə etməyi qarşıya məqsəd qoyublar
Saatlı, 30 may, Mahir Babayev, AZƏRTAC
Saatlıda çiyid səpini başa çatıb. Ötən il 25 min 756 ton xam pambıq istehsal edən Saatlı pambıqçıları cari ildə 37 min tondan çox məhsul əldə etməyi qarşıya məqsəd qoyublar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm Saatlıda 16 min hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün məhsul istehsalçıları şum, arat, malalama işlərini vaxtında həyata keçirib, sahələrə üzvi və mineral gübrələr verib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük ediblər. Səpin kampaniyasına mütəşəkkil başlayan mülkiyyətçilər bu işi qısa müddətdə başa çatdırıblar. Səpin kampaniyasında ən çox fərqlənən “MKT” MMC və “Aqro AZ” MMC ilə müqavilə bağlayan mülkiyyətçilər olub. Onlar 4 min 500 hektardan çox sahəyə çiyid səpərək kampaniyanı rayonda birinci başa çatdırıblar.
Təcrübəli pambıqçı, “Bakı KFT”nın rəhbəri Xanım Babayeva bildirib ki, uzun illər pambıqçılıq sahəsində çalışdığından bu bitkinin becərilmə qaydasına yaxşı bələddir: “Məhsuldarlıq göstəricilərimiz ildən-ilə artır. Ötən il “MKT” MMC ilə müqavilə bağlayaraq 42 hektar sahədə pambıq becərdim və 225 ton məhsul topladım. Hər hektarın məhsuldarlığı təxminən 29 sentner oldu. Bu il isə müqavilə ilə 60 hektar sahədə pambıq becərirəm. Yaxşı bitiş alınıb. İndi becərmə işləri ilə məşğul olur, bitkini alaq otlarından təmizləyir, suvarır və yemləmə gübrəsi verirəm. Cari ildə becərdiyim sahənin məhsuldarlığını 30 sentnerə çatdırmaqla 200-210 ton məhsul tədarük etməyi qarşıma məqsəd qoymuşam”.