REGİONLAR


Saatlı rayonunda pambıq sovkasına qarşı mübarizə tədbirləri aparılır VİDEO

Saatlı, 6 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Saatlıda pambıq tarlalarının ziyanvericilərdən qorunması üçün sovkaya qarşı mübarizə tədbirləri aparılır. Ağ qızılın əsas düşməni hesab edilən sovkaya qarşı artıq 8 min hektara yaxın sahədə dərmanlama işləri görülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlı rayonunda pambıq sahələri dərmanlanır. Məlum olduğu kimi, pambıq tarlalarından yüksək sentnerlə məhsul əldə etmək üçün ziyanvericilərə qarşı mübarizənin vaxtında aparılması əsas şərtlərdəndir. Hazırda sovkaya qarşı mübarizə aparılır. Saatlı rayon Bitki Mühafizə Mərkəzinin rəisi Mirrasim Talıbovun verdiyi məlumata görə, plana uyğun olaraq daha öncə sahələrdə ziyanvericilərə qarşı mübarizə işləri görülərək başa çatdırılıb. Hazırda isə pambıq üçün ciddi təhlükə hesab edilən sovkaya qarşı dərmanlama davam etdirilir. İyunun 20-dən başlayaraq sahələrdə monitorinqlər aparılıb və sovka təhlükəsi ola biləcək ərazilər müəyyən edilərək çiləyici aqreqatlar vasitəsilə dərmanlanır. Görülən mübarizə tədbirləri əsasında 8 min hektara yaxın sahədə işlər görülüb.

Sahə aqronomu Elçin Səmədovun sözlərinə görə, sovkaya qarşı aparılan mübarizənin daha effektiv olması üçün bir sıra qaydalara əməl olunmalıdır. Mübarizə iki üsulla aparılır. Feromen qutuları vasitəsilə kəpənəklər tutulur. Digər üsul isə çiləyici aqreqatlardan istifadə etməklə tarlalar dərmanlanır. Mübarizə zamanı normaya əsasən Karagen, Surren, Dalton kimi dərmanlardan istifadə edilir.

Bu il 31 hektarda pambıq əkən fermer Famil Əzimov deyir ki, mübarizə tədbirləri gələcəkdə yüksək məhsul götürməyə təkan verəcək. Həm fermerlər, həm də bitki mühafizə əməkdaşları tərəfindən monitorinqlər aparılır. Fermerin sözlərinə görə, əvvəlki illərdə texnika azlığı olduğu üçün dərmanlamanı vaxtında aparmaq mümkün olmurdu, bu da məhsuldarlığı yarıya qədər aşağı salırdı. İndi kifayət qədər müasir tipli texnikalar olduğu üçün dərmanlama da vaxtında aparılır.

Qeyd edək ki, sovkaya qarşı cari ildə pambıq tarlalarının dərmanlanması üçün 40-a yaxın xüsusi çiləyici aqreqatla təmin olunan traktorlar çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.