CƏMİYYƏT
Saatlı və Sabirabad rayonlarında karantin qaydalarını pozan şəxslər aşkarlanıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Saatlı və Sabirabad rayonlarında gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildirilib ki, hər iki rayon ərazisində polis əməkdaşları fəaliyyətinə icazə verilən və insanların sıx olduğu qapalı məkanlarda mütəmadi nəzarət tədbirləri keçirir, sahibkarlarla, eləcə də vətəndaşlarla izahedici söhbətlər apararaq, müəyyənləşdirilmiş qaydalara riayət etməyi tapşırırlar.
Sakinlərə pandemiyanın törədə biləcəyi ağır fəsadlar barədə geniş məlumatlar verən polis əməkdaşları onları COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə biganə qalmamağa çağırır, özlərinin və yaxınlarının sağlamlığı üçün qapalı məkanlara daxil olan zaman mütləq qaydada tibbi maskalardan istifadə etmələrinin vacibliyi barədə tövsiyələr verirlər.
Verilən tövsiyələrə və xəbərdarlıqlara baxmayaraq, keçirilən tədbirlər zamanı qaydaları pozan şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.