REGİONLAR
Saatlıda 19 kəndi birləşdirən avtomobil yolunun tikintisi yekunlaşır VİDEO
Bakı, 16 mart, AZƏRTAC
Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı işlər “Azəravtoyol” ASC tərəfindən yekunlaşmaq üzrədir.
ASC–nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda sözügedən ərazidə asfalt-beton örtüyünün son qatının salınması işləri aparılır.
Yeni avtomobil yolunun tikintisi vətəndaşların gediş-gəlişində, xüsusən də payız-qış mövsümündə yaranan problemi həll edəcək.
Məlumata əsasən, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun uzunluğu 39 kilometrdir. Layihəyə uyğun olaraq, yol yatağının eni 10 metr təşkil edir. Buraya 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir.
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Ümumilikdə isə 175 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılır. Bu işlər də hazırda yekunlaşmaq üzrədir.
Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə 36 ədəd suötürücü boruları tikilib. Bundan başqa, avtomobil yolunun 7, 31 və 39-cu kilometrlik hissələrində su kollektoru üzərində yerləşən su keçidlərinin təmiri işləri aparılıb. Müvafiq olaraq həmin körpülərin uzunluqları 12, 14 və 16 metr təşkil edir.
Tikinti işləri çərçivəsində hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 157 ədəd yol nişanı və məlumatverici lövhə, 786 ədəd yol təhlükəsizlik dirəkləri quraşdırılacaq, 98,2 kilometr uzunluğunda yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd olunub ki, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.