REGİONLAR
Saatlıda 26 min hektarda yazlıq bitkilər əkiləcək
Saatlı, 12 mart, Mahir Babayev, AZƏRTAC
Saatlıda yazlıq bitkilərin əkininə başlanılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonda cari ilin məhsulu üçün 33 min 52 hektar sahədə qış şumu aparılıb. Artıq fermerlər qısa müddətdə şumlanmış sahələrin 1004 hektarında yazlıq bitkilər əkiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 412 hektar çoxdur. Əkin aparılmış sahələrin 743 hektarını yonca, 205 hektarını günəbaxan, 36 hektarını isə tərəvəz sahələri təşkil edir. Bu mövsüm, həmçinin rayonda 15 min hektardan çox sahədə pambıq əkini də nəzərdə tutulub. Artıq 13 min 400 hektar sahədə pambıq əkilməsi üçün məhsul istehsalçıları ilə müqavilə bağlanılıb və hazırda rayonda bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, saatlılı əkinçilər ötən il 21 min 622 hektar sahədə yazlıq bitkilər əkini aparıblar. Əkinçilər bu il yazlıq bitkilər əkinini 26 min hektara çatdırmağı qarşıya məqsəd qoyublar.