REGİONLAR
Saatlıda 33 kümçüyə ipəkqurdu toxumu paylanılıb
Saatlı, 3 may, Mahir Babayev, AZƏRTAC
Saatlıda ikinci ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son iki ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 60 min tut tingi əkilib və digər zəruri tədbirlər həyata keçirilir.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 5 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 130 qutu (2 min 470 qram) ipəkqurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd və Əliabad kəndlərində kümçülərə paylanılıb.
Azadkənd kənd sakini Bəhrəm Mehdiyev bu mövsüm 4,5 qutu ipəkqurdu toxumu götürərək bəsləyir: “Bu sahə rayonda yeni olduğundan digər kümçülər kimi mən də ötən il işə tərəddüdlə başladım. İlk vaxtlar çətinliklərim olsa da, mütəxəssislərdən öyrəndiklərimi tətbiq etməklə işi sahmana saldım və yaxşı nəticə əldə etdim. 135 kiloqram barama istehsal edib, 1215 manat gəlir götürdüm”, - deyə o bildirib.
Qeyd edək ki, bu mövsüm Saatlıda 33 kümçü ipəkqurdu bəsləyir.