REGİONLAR
Saatlıda 6 ayda süni mayalanma yolu ilə 2371 baş buzov alınıb
Saatlı, 4 avqust, Mahir Babayev, AZƏRTAC
Saatlıda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 7 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2740 baş inəkdən car ilin 6 ayı ərzində 2375 baş buzov alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 450 baş çoxdur. Bu da hər 100 inəyə 87 baş bala deməkdir.
Qeyd edək ki, süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara 237 min 100 manat subsidiya ödənilib.