İDMAN


Saatlıda Açıq Əyləncəli Futbol Məktəbinin açılışı olub

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Saatlı rayonunda Açıq Əyləncəli Futbol Məktəbinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova tədbirdə çıxış edərək rayonda idman sahəsində görülən işlərdən söz açıb, qarşıda duran vəzifələrdən danışıb.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ölkəmizdə idmana diqqət və qayğının dövlət siyasəti olduğunu vurğulayıb. Deputat bu baxımdan futbolun inkişafına xüsusi diqqətin yetirildiyini bildirib. O, Saatlıda layihənin açılışına görə Uşaq-Gənclər Futbol Federasiyasına minnətdarlığını ifadə edib. Əminliklə qeyd olunub ki, federasiyanın dəstəyi rayonda futbolun inkişafına mühüm təsir göstərəcək.

AFFA-nın vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, deputat Rauf Əliyev uşaq futbolunun inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb, Açıq Əyləncəli Futbol Məktəbi layihəsinin də bu baxımdan əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, layihə çərçivəsində indiyədək müxtəlif bölgələrdə keçirilmiş yarışlarda 24 mindən artıq uşaq iştirak edib.

Milli Məclisin deputatı Sabir Hacıyev hər bir rayonda idmanın kütləviliyinin artırılması istiqamətində görülən işlərin gənc nəslin mənəvi və fiziki inkişafındakı rolundan söz açıb. O, layihədə iştirak edən uşaq və gənclərin gələcəkdə peşəkar futbolçu kimi yetişəcəyinə inamını ifadə edib.

Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov, Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev, veteran idmançı Əbülfəz Əliyev, Saatlı rayon gənclər və idman idarəsinin rəisi Elçin Qiyasov və başqaları rayonda idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açıblar.

Qeyd edək ki, Saatlıda Açıq Əyləncəli Futbol Məktəbinə 150-dək uşaq və gənc, həmçinin 15 məşqçi qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.