REGİONLAR
Saatlıda bu günədək 3 tondan çox barama tədarük olunub
Saatlı, 20 iyun, Mahir Babayev, AZƏRTAC
Dövlətimizin başçısı tərəfindən ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son 3 ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 79 min tut tingi əkilib, bir neçə yaşayış məntəqəsində müasir kümxana tikilib və digər zəruri tədbirlər həyata keçirilir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il rayonda 8 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 200 qutu (3 min 800 qram) barama qurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd, Əliabad, Dəlilər, Qaraçala və digər kəndlərdən olan 52 kümçüyə paylanılıb.
Bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Küçmülər bəslədikləri ipəkqurdularından əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. İndiyədək rayon üzrə ümumilikdə 3 ton 188,8 kiloqram barama təhvil verilib ki, bunun da yarıdan çoxunu Azadkənd və Dəlilər kəndlərinin baramaçıları istehsal edib.
Qaraçala kənd sakini Mehman Əhmədov üçüncü ildir ki, ipəkqurdu bəsləyir və hər il də yaxşı nəticə əldə edir. “Bu il 5 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. İpəkqurdulara yaxşı qulluq etdiyimdən məhsul gözlədiyimdən də çox olub. Bu günə kimi tədarük məntəqəsinə 200 kiloqram barama təhvil vermişəm. Hələ kümxanada məhsulum var. Bundan sonra daha 10-15 kiloqram məhsulum olacaq”, - deyə o bildirib.
Rayonda barama tədarükü sürətlə davam edir.
Qeyd edək ki, ötən il Saatlıda 2 ton 251,4 kiloqram barama istehsal olunub.