REGİONLAR


Saatlıda çəyirtkəkimilərə qarşı mübarizə ilə bağlı təlim keçirilib

Bakı, 24 aprel, AZƏRTAC

Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin (DFX) Respublika Bitki Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri çərçivəsində pestisidlərdən istifadə qaydaları və təhlükəsizlik tədbirlərinə dair təlim keçirilib.

Dövlət Fitosanitar Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Salyan rayon bitki mühafizəsi mərkəzlərinin mütəxəssislərinin və fermerlərin iştirakı ilə baş tutan təlimdə kimyəvi mübarizə zamanı pestisidlərin düzgün seçimi, texniki vasitələrin, eyni zamanda, çiləyici aqreqatların nizamlanması, çiləyici ucluqlarının kalibrovka olunması, işçi məhlulun hazırlanması üçün istifadə olunan suda pH-mühitinin təyin edilməsi, işçi personalın pestisidlərin təsirindən qorunması üçün xüsusi geyim vasitələrindən istifadə və digər məsələlər müzakirə olunub.

Təlimdən sonra Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri yerli qurumların nümayəndələri və fermerlərlə birlikdə çəyirtkəkimilərlə sirayətlənmiş Küdrü düzü ərazisində və dövlət fondu torpaqlarında sahə müşahidələri aparıblar. Həmçinin sahələrdə Mərakeş çəyirtkəsinə və digər çəyirtkəkimilərə qarşı kompleks mübarizə tədbirlərinin aparılması, mübarizə tədbirlərinin çevikliyinin təmin olunması, ultra kiçikhəcmli çiləyici aqreqatlar vasitəsilə aparılan mübarizə işlərinin səmərəliliyi məsələləri müzakirə edilib.

Qeyd edək ki, kimyəvi mübarizə tədbirlərinin vaxtında aparılması, zərərvericinin daha geniş ərazilərə yayılmasının, eləcə də kənd təsərrüfatı əkinlərinə zərər vurmasının qarşısını alınması məqsədilə rayonlarda operativ qərargahlar yaradılıb, lazımi avadanlıqlarla təmin olunub. Ərazilərində çəyirtkəkimilərlə sirayətlənmə müşahidə olunan rayonların icra hakimiyyətləri, rayon DAİM-ləri, fermerlər və digər qurumlar çəyirtkəkimilərə qarşı aparılan tədbirlər barədə məlumatlandırılıb və DFX-nin yerli qurumlarına müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün regionlarında kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinə qarşı mübarizə tədbirləri barədə fermerlər və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi maarifləndirmə işləri aparılır, onlara lazımi metodiki köməklik göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.