REGİONLAR


Saatlıda əkin dövriyyəsinə qaytarılan torpaqlarda bol arpa məhsulu yetişib VİDEO

Saatlı, 16 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı zəmilərində biçin işlərinə 41 kombayn cəlb olunub. İşlərin optimal müddətdə başa çatdırılması üçün sahələrə müasir tipli kombaynlar çıxarılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlıda taxıl zəmilərinin bir çox hissəsini əkin dövriyyəsinə yeni qaytarılan torpaqlar təşkil edir. Bu torpaqlarda bol arpa məhsulu yetişib.

Bu il 800 hektar sahədə arpa əkini aparan İqbal Əliyev söyləyir ki, əsasən yerli sortlara üstünlük verilib. Çünki bu arpa toxumları daha məhsuldardır, nəticə isə göz qabağındadır. 800 hektar sahədən 300 hektarında biçin işlərinin yerinə yetirildiyini söyləyən təsərrüfat sahibi deyir ki, bəzi yerlərdə 65 sentner, bəzi sahələrdə isə 25 sentner olmaqla, orta hesabla hər hektara 40 sentner məhsuldarlıq əldə edilib.

Arpa səpinini təyinatı dəyişdirilən torpaqlarda gerçəkləşdirən fermer bildirir ki, məhsuldarlığın əldə olunması dövlət tərəfindən kənd təsərrüfatına göstərilən diqqətin bariz nümunəsidir. Çünki burada əkilməyən bir çox münbit sahələr var ki, onlar dövriyyəyə qaytarılmaqla əkin sahələri genişləndirildi.

“Bol məhsul götürmək və az xərclə yüksək qazanc əldə etmək üçün müasir texnikalardan və innovativ üsullardan istifadə əsas şərtdir. Belə ki, yığılan məhsul əlavə xərc çəkmədən saxlanc yerlərində qorunması üçün hər birinin tutumu 2 tondan çox olan xüsusi kisələrə yığılır. Bu da əlavə anbar tikintisinə xərclənən məsrəfləri aradan qaldırır”, - deyə fermer vurğulayır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin rəhbəri Vüqar Hüseynovun verdiyi məlumata görə, bu il Saatlı rayonu üzrə 20825 hektar sahədə taxıl becərilib. Zəmilərin 14000 hektardan çoxunu buğda, 6635 hektarını isə arpa təşkil edir. Hazırda rayon üzrə arpa biçini davam edir. Saatlı rayonu üzrə bu günə qədər 5500 hektardan çox arpa sahəsində biçin işləri yerinə yetirilib və orta hesabla məhsuldarlıq 36 sentner təşkil edir. Sahələrdə çalışan 41 kombayndan 20-si “Aqroservis” ASC-yə, 21-i isə fiziki və hüquqi şəxslərə məxsusdur. Məhsulun itkisiz yığılması üçün sahələrə əsasən müasir tipli taxıl yığanları cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.