REGİONLAR
Saatlıda indiyədək tədarük olunan pambığın 9 min tondan çoxu maşınlarla yığılıb
Saatlı, 11 oktyabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda pambıq yığımı sürətlə davam edir. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox məhsul istehsal edən rayonun “ağ qızıl” ustaları bu il də yığımda öndə gedirlər. Hər gün sahələrdən 750-800 ton məhsul yığılır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 2933 istehsalçı dörd şirkətlə müqavilə bağlayaraq, 2939 nəfər isə fərdi qaydada 15 min 815 hektar sahədə pambıq əkib. Məhsul istehsalçılarına göstərilən hərtərəfli kömək və bitkinin becərilməsində aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Məhsul toplanışına vaxtında başlayan pambıqçılar indiyə qədər sahələrdən 13 min 507 ton məhsul yığıblar. Tədarük olunan pambığın 9 min 50 tonu maşınlarla, 4 min 456 tonu isə əllə toplanıb. Yığılmış məhsulun 85-90 faizi birinci növ olub.
Saatlıda pambıq əkini ilə məşğul olan qabaqcıl fermerlər çoxdur. Onlardan biri də Əhmədbəyli kəndində fəaliyyət göstərən “Zəhmət” Kəndli Fermer Təsərrüfatının rəhbəri Cəlil Süleymanovdur. O uzun illərdir ki, pambıq əkini ilə məşğul olur və hər il də yüksək məhsuldarlığa nail olur. Sahibkarın sahəsində bu ildə pambıq çoxdur. Fermer indiyədək əkdiyi 80 hektar sahənin 60 hektarının məhsulunu maşınlarla toplayıb .
“Yığım apardığım sahənin hər hektarından 25 sentnerdən çox məhsul götürmüşəm. Hələ sahədə pambıq çoxdur. Bu mövsüm plantasiyadan 200 tona yaxın pambıq götürəcəyimə əminəm. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dəstək bu sahə ilə məşğul olan fermerlərin pambıq əkininə olan marağını daha da artırıb. Pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması onlarda ruh yüksəkliyi yaradıb. Bundan həvəslənən əkinçilər gələcəkdə daha çox məhsul istehsal etmək üçün indidən imkanlarını nəzərdən keçirirlər”,- deyə fermer bildirib.