REGİONLAR


Saatlıda innovativ üsulla becərilən tərəvəz sahəsindən gündə 10 tona yaxın məhsul yığılır VİDEO

Saatlı, 28 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Saatlıda İnnovativ üsulla becərilən tərəvəz sahəsindən məhsul yığımına başlanılıb. Gün ərzində 10 tona yaxın pomidor, badımcan, bibər tədarük olunur. Mövsümün sonuna kimi 300 tondan artıq məhsul toplanılması nəzərdə tutulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, innovativ üsulla becərilən tərəvəz sahəsi Saatlı rayonu Qaralar kəndində yerləşir. Ümumilikdə 5 hektar sahəni əhatə edən təsərrüfatda pomidor, bibər və badımcan yetişdirilib. Sahənin 3 hektarı pomidorun, yerdə qalan hissə badımcan və bibərin payına düşüb. Fermer Həbib Əhmədov bildirir ki, sahədən yığılan tərəvəzlər əsasən yerli bazarlara çıxarılır.

“Pomidor “Lajin” sortudur əsasən məhsuldarlığı ilə seçilir. 10 gündən artıqdır məhsul yığılır və bu günə kimi sahədən 50 tondan çox pomidor tədarük olunub. Sahədə yetişdirilən “Kapia” sortu bibər və “Araz-F1”, “İora” sortları olan badımcan məhsulu da həm məhsuldarlığı, həm də keyfiyyəti ilə seçilir. Əkilən sortların digər spesifik xüsusiyyəti isə istiyə davamlı bitkilər olmasıdır. Tərəvəzlərin becərilməsi üçün damcı suvarma şəbəkəsindən istifadə edilib. Beləcə suya qənaət etməklə, həm də kolları lazımi səviyyədə su ilə təmin etmək mümkün olur və nəticədə bitki də yaxşı inkişaf edir. Tərəvəz sahəsi hesabına, eyni zamanda, əlavə iş yerləri də yaranıb və demək olar ki, hər gün burada 40-50 nəfər çalışaraq evinə qazanc apara bilir”, - deyə fermer Həbib Əhmədov bildirib.

Məhsul açıq sahədə təbii üsulla orqanik yetişdirildiyindən alıcısı da yaxşıdır. Ölkənin müxtəlif bazarlarına, eləcə də iri topdansatış məntəqələrinə aparılır. Alıcı Daşqın Abdulhəlimov məhsulun təbii üsulla becərildiyinə görə gözəl və keyfiyyətli olduğunu deyib: “Tələbat var, əhalimiz də razıdır, iki gündən bir 2-2,5 ton pomidor alaraq Qəbələ bazarına aparıram”.

Fermer Ələsgər Əhmədov deyir ki, müntəzəm məhsul tədarükü üçün, eyni zamanda, 2 hektarı əhatə edən payızlıq sahə də salınıb. Bir ay əvvəl əkilən bu sahədə pomidor innovativ üsulla becərilib və yazlıq sahələrdə məhsul yığımı tamamlanan zaman payızlıq sahə dövriyyəyə başlayacaq. Məqsəd daxili bazarı yerli məhsul ilə təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.