REGİONLAR
Saatlıda istiyə davamlı “Lajin” pomidor növünün innovativ üsulla əkininə başlanılıb VİDEO
Saatlı, 14 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Saatlıda “Lajin” sortu olan pomidor əkininə başlanılıb. Aran iqliminə uyğun olan bu pomidorlar yüksək məhsul vermək qabiliyyətinə malikdir. Yetmiş günə yetişəcək pomidor sahəsindən 70 ton məhsul götürülməsi nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlıda yaz tarla işləri davam etdirilir. Hazırda sahələrdə digər əkinlərlə yanaşı, bostan tərəvəz bitkilərinin də əkininə başlanılıb. Saatlı rayon Qaralar kəndindən olan fermer Həbib Əhmədov bildirir ki, artıq innovativ üsulla əkinə daha çox üstünlük vermək əsas şərtdir. Elə bu məqsədlə məhsuldar “Lajin” sortu olan pomidor əkininə başlanılıb. Öncədən sahədə aqrotexniki qaydaya uyğun olaraq şum mala və gübrələmə işləri görülüb. Şitil formasında yetişdirilən bitki artıq sahələrə köçürülür. Ümumi sahəsi 2 hektar olan sahədə hektara 25 min şitil olmaqla 50 min kol sayı olacaq. Hər pomidor kolundan isə 10 kq-dan çox məhsul götürülməsi planlaşdırılır. Sahədə suya qənaət etmək və daha çox məhsul əldə etmək üçün innovativ üsulla, yəni damlama-suvarma ilə becərmə işləri aparılacaq. Bu növ suvarma həm də birbaşa kola su verdiyi üçün alaq otları da inkişafdan qalır. Bitki isə lazımi səviyyədə su içə bilir.
Əkin sahələrinin artması əlavə iş yerlərinin də yaranmasına imkan verir. Hazırda sahədə işçi olaraq çalışan Yusif Abışov deyir ki, yaz tarla işləri ilə əlaqədar sahələrdə canlanma var. “Kənd sakinləri üçün əkin sahəsində çalışmağa şərait yaranır. Tarla işləri çərçivəsində sakinlər gündəlik olaraq işə çıxır və qazanc əldə edə bilirlər. Artıq işçilər tərəfindən 3 mindən çox kol əkilib”, - deyə Yusif Abışov bildirir.
Qeyd edək ki, “Lajin” sortu olan pomidor 70-80 gün müddətinə yetişir. Bu sort həm də istiyə davamlı olması ilə seçilir. Elə bu məqsədlə Aran bölgəsində “Lajin” sortuna üstünlük verilib. Məhsulun iyul ayında yığılması nəzərdə tutulub.