CƏMİYYƏT
Saatlıda koronavirus pandemiyasının genişlənməsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Bakı, 17 iyun, AZƏRTAC
Xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Kapital Bankın Saatlı rayon filialında 2 min nəfər üçün nəzərdə tutulmuş pensiya kartlarının dəyişdirilməsi əməliyyatı zamanı sakinlərin həmin əraziyə axınını nəzərə alaraq polis əməkdaşları tərəfindən buraya xüsusi şəkildə nəzarət edilir. Vətəndaşların rahatlığını təmin etmək üçün sosial məsafə gözlənilməklə həmin ərazidə stullar düzülüb, isti hava şəraitini nəzərə alaraq mütəmadi olaraq növbə gözləyən sakinlərə içməli sular verilib, tibbi maskası olmayanlara maskalar paylanılıb. Vətəndaşlar da onlara göstərilən bu diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.